Nizami Gəncəvi Kimindir

برگی از لیلی و مجنون نظامی گنجوی، 885 هجری

برگی از لیلی و مجنون نظامی گنجوی، 885 هجری

Abbas Cavadi – Hərdən bir hay küy qopur: Axırda Nizami Gəncəvi üzərində «mülkiyyət haqqı» kimə aiddir? İrana ya Azərbaycana? İranlıydı yoxsa azərbaycanlı? Türk idi ya fars?

Bunlar elə söz söhbətlərdir ki, nə yazıq Nizaminin ondan xəbəri var idi, nə də onun Xaqani Şirvani ve ya Zülfiqar Şirvani kimi müasirləri ve digərlərinin.

Əvvəla Dil

Birincisi dil mövzusudur. Samanilerdən və Qəznəvilərdən ta 20-ci əsrə kimi bugünkü Orta Asiya, Afqanistan, İran və Qafqaz müsəlmanları arasında çıxan şairlərin böyük əksəriyyəti, hətta 15-ci, 16-cı əsrdən sonra türkləşənlərin çoxu da, ana dillərindən asılı olmayaraq, fars dilində şe’r yazıblar. Türk dilində isə çox az şer deyiblər. Şah İsmail Xətai və ya Mirzə Şəfi Vazeh kimi türkcə yazanlar da olub, amma onların sayı və yazdıqlarının həcmi çox olmayıb.

Osmanlı və hətta Hindistandaki Baburi sultanları, o cümlədən Muhtəşəm və ya Qanuni Sultan Süleyman ve Əkbər Şahın fars dilində divanları olub. Bu məntəqədə təqribən min il fars dili, şer və ədəbiyyatda hakim dil idi. Qafqaz müsəlmanları arasında bu vəziyyət hətta 20-ci əsrə kimi davam edib. Elmi və dini əsərlərin çoxu isə ərəb dilində yazılırdı.

Abbasqulu Ağa Bakıxanovun (1794-1847) özü Gülüstan-i İrəm kitabında Xaqani-i Şirvanini «Hisan-ül Əcem» adlandırır. Hisan Hz. Peyğəmbər zamanında ən məşhur ərəb şairi olub. Bakıxanovun demək istediyi odur ki, Xaqani iranlılar arasında Hisan səviyyəli şair idi. Son Bakı xanının övladı olan Bakıxanovun özünün 10 kitabı var. Onlardan sadəcə biri türkcə. başqa birisi ərəb, qalan sekkizi isə farscadir. Hətta Gülüstan-i İrəm də fars dilində yazılıb.

Bəs Nizaminin türkcə şeri olmayıb? Xeyr, bildiyimiz qederiyle, Nizaminin türkcə şeri yoxdur. Nizami Gəncəviyə aid olduğu iddia edilən və 20-ci əsrdə Qahirə kitabxanalarından birində tapılan türkcə divanın Nizami Gəncəviyə yox, ondan 200 il sonra Quniyyə (Konya) şəhərində yaşayan osmanlı şairi Nizami Quniyəviyə aid olduğu təqribən dəqiqdir ve bu fərq həm şe’rlerin səbkindən həm də dilindən aydın olur.

O cümlədən orada «Sultan Məhəmmed Xana» bir mədhiyyədə deyilir:

«Rəzmi Bəhram ilə yunan təxtini fəth eyləyib // Qəsri Keyxosroda Dara beygi tutdi Cam-i Cəm«

«Yunan fəthi» aydındır ki, Nizami Gəncəvi zamanında Atabəy Məhəmmed Cahan Pəhləvanla yox, 200 il sonra Nizami Quniyyəvi zamanı Osmanlı Fatih Sultan Məhəmmədlə bağlıdır.

Yəni sadəcə dil meyarıyla baxsaq, Nizami şubhesiz fars dili və ədəbiyyatına aiddir.

İranlı Ya Azərbaycanlı?

Amma bu deməkdir mi ki, Nizami iranlı idi?

O vaxt İran adında bir dövlət yox idi. Azərbaycan adlı bir dövlət ise hələ heç yox idi. Azərbaycan da, Xorasan, Rey, Təbəristan kimi bir vilayətin adıydı ancaq.

Nizaminin yaşadığı dövr Azərbayan Atabəyləri dövrüdür ki, Böyük Səlcuqi (və ya İran Səlcuqilərinin) hakimiyyətinin sonunda Aran, Azərbaycan, Həmədan və hətta Rey ve gah da İsfahan ve Şiraza hökm ediblər. Atabəylər əslinde türk kölələri olublar. Səlcuqi padşahlar onları alıb əmir kimi tərbiyələndirib ordu və dövlət vəzifələrini onlara tapışırıblar. Onlar isə Səlcuqilerin zəvalı zamanı hakimiyyəti de fakto öz əllərine alıblar.

Xususiyle Səlcuqilər hökuməti dağılandan sonra mərkəzi hakimiyyət dağılır və yerlərdə qısa ömurlu hökumətlər yaranır. İran adında rəsmi bir ölkə yoxdu, amma «mədəni fəza» kimi İran düşüncəsi var idi. Bu ideya İran tarixindən, mədəniyyətindən qalmışdı ve ələlxüsus Samanilərdən və Qəznəvilərdən sonra daha da güclənmişdi – necə ki, Nizaminin bu şe’rindən və Xaqaninin Eyvan-e Mədaen-indən də aydın olur:

همه عالم تن است و ایران دل // نیست گوینده زاین قیاس خجل (هفت پیکر، بهرام نامه)

«Bütün aləm bədəndir, İran isə ürək / Bunu deyən belə müqayisədən utanmaz» (Həft Peykər/Bəhram-Namə)

Səlcuqilərin də, Atabəylərin də hökm sürdükləri ərazilər ümumilikdə bugünkü İran coğrafiyasıdır. Ələlxüsus Gəncə, Şirvan, Qarabağ kimi vilayətlər tarixən İran torpaqları olublar ve İslamdan sonra bütün bu ərazilər xəlifəliyə tabe edilsə də, Səfəvilərlə İran dirçəldikdən sonra yeniden İran sərhədlərinə qayıtmış və ancaq 19-cu əsrdə İran-rus müharibələrindən sonra ondan ayrılmışdır.

Habelə, görünür Nizaminin Gəncəde doğulduğı ve orada yaşayıb vəfat etdiyi haqda şübhe yoxdur. Ancaq İqbalname-nin bezi elyazma nüsxelerinden bele çıxır ki, Nizami, öz əslinin Qum şəhərinin Qəhistan kəndindən olduğunu deyir:

گرچه در بحر گنجه گمم // ولی از قهستان شهر قمم

«Hər nə qədər də Gəncə dəryasında itmiş olsam da // Qum şəhərinin Qəhistanındanam»

Ancaq bə’zi alimler deyirler ki. ehtimal bu beyt sonralar İqbalnameye əlavə edilmiş ola bilər. Onların fikrincə, Nizaminin əsli İraq-i Əcəmdəndir (Həmədan, Qəzvin, Rey, İsfahan).

Belə çıxır ki, Nizaminin əsli barədə dəqiq və şübhəsiz məlumat yoxdur.

Amma rahatlıqla demək olar ki, Nizami Gəncədə doğulduğuna və Gəncənin də bugün Azərbaycan Respublikasında olduğuna görə, azərbaycanlı, habelə dil, siyasi tarix və mədənəyyət tarixinə görə, eyni zamanda da iranlı sayıla bilər.

Türk Ya Fars?

Nizaminin bugünkü təbirlə desək etnik tabeiyyətini dəqiq olaraq demək imkansızdır. Ata-babasının da haradan, Gəncənin özündən ya da kənardan gəldiyini qəti demək olmur. Ancaq bəzi təxminlər irəli sürmək olar.

Bir şerindən belə nəticə çıxarılır ki, anası kürd olub:

گر مادر من رئیسه کُرد // مادر صفتانه پیش من مُرد (لیلی و مجنون)

Mənim anam, kürd əşrafındansa // Mənim yanımda ana kimi öldü (Leyli ve Məcnun)

Bu ancaq Nizaminin valideyninin bir tərəfi, yəni anası haqqında bir ehtimaldır.

Bir də o dövrün tarixi əsasında bəzi təxminlər irəli sürülə bilər.

O vaxtlar Arazın şimalı və cənubunda müsəlman xalqın əksəriyyeti hələ tam türkləşməmişdi. Orta Asiyadan köçüb gələn türk-dilli qəbilələrin köç və yerləşməsi prosesi hələ təzə, 200 il idi ki. başlamişdı. Rum məmləkətində, yə’ni Anadoluda da belə idi və oraların, habelə Azərbaycan, Gencə ve Şirvanın yerli xalqının gəlmə qəbilələrlə qaynayıb qarışması ve türkdilliləşməsi 15-ci, 16-cı əsrə kimi davam etməli idi.

Nizaminin fars dilini gözəl bildiyi əsərlərindən aydındır. Türkcə bildiyini sübut edən hər hansı bir dəlil isə yoxdur. İki qrup arasında onun Leyli və Məcnun əsərindəki bir şeri haqqında fikir ayrılığı var:

ترکی صفت وفای ما نیست // ترکانه سخن سزای ما نیست

«Türki bizim vefamıza uyğun bir sifət deyil / Türklər kimi danışmaq bizə yaraşmaz»

Bu şerə əsaslanaraq bir qrub Nizaminin türkce bilmədiyini, hətta bu dili xoşlamadığını deyir. Digər qrup ise, əksine, türkcə bildiyini amma Atabəylərə tabe olan yerli hakimlərin onu fars dilində yazmağa məcbur etdiyini söyləyir. Amma bu iddiaların heç birini sübut edecek dəlil yoxdur.

Bəs Onda?

O vaxtlar şe’r ve ədəbiyyat bir parça torpaq və ya hər hansı bir dil ve qövmə məxsus deyildi. Vətəndaşlıq, pasport, fars-türk davası da yox idi çünki hər kəs özünü birinci olaraq müsəlman kimi tanıyırdı.

Menim şəxsən çıxardığım ümumi nəticə budur ki, Nizami gəncəli, azərbaycanlı və iranlıdır. Onun əsərləri İran-fars ədəbiyyatına aiddir. O dünya ədəbiyyatına və bəşəri mədəniyyətə aiddir və hərkəs, iranlı da, azərbaycanlı da, fars da, türk də, kürd də, erməni də. alman da onu oxuyub faydalansa yaxşı olar. Kim istəsə, Nizami ilə fəxr də edə bilər. Ancaq «Nizami kimindir?» sualından çox, onun əsərlərini oxumaq və yaşadığı dövrü keşf etmək daha maraqlıdır.

———————

Həmin məqalə Azadlıq Radiosunun saytında

Abbas Djavadi: Nizami Üzərində Mülkiyyət Haqqı Davası, farsca

Bu barədə müzakirə

Habelə:

Abbas Djavadi: Nizami Türk İdi? farsca

Mohammad Alı Hosseini: Nizami Gencevinin Türkce Şeri Vardımı? farsca. Nizami Quniyyəvinin əsəri haqqında məlumat bu mənbədən alınıb.



دسته‌ها:تورکی Türkçe

برچسب‌ها:, , ,