Nizami Gəncəvi Kimindir

Abbas Cavadi – Hərdən bir hay küy qopur: Axırda Nizami Gəncəvi üzərində “mülkiyyət haqqı” kimə aiddir? İrana ya Azərbaycana? İranlıydı yoxsa azərbaycanlı? Türk idi ya fars?

Bunlar elə söz söhbətlərdir ki, nə yazıq Nizaminin ondan xəbəri var idi, nə də onun Xaqani Şirvani ve ya Zülfiqar Şirvani kimi müasirləri ve digərlərinin.

Əvvəla Dil

Birincisi dil mövzusudur. Samanilerdən və Qəznəvilərdən ta 20-ci əsrə kimi bugünkü Orta Asiya, Afqanistan, İran və Qafqaz müsəlmanları arasında çıxan şairlərin böyük əksəriyyəti, hətta 15-ci, 16-cı əsrdən sonra türkləşənlərin çoxu da, ana dillərindən asılı olmayaraq, fars dilində şe’r yazıblar. Türk dilində isə çox az şer deyiblər. Şah İsmail Xətai və ya Mirzə Şəfi Vazeh kimi türkcə yazanlar da olub, amma onların sayı və yazdıqlarının həcmi çox olmayıb.

Osmanlı və hətta Hindistandaki Baburi sultanları, o cümlədən Muhtəşəm və ya Qanuni Sultan Süleyman ve Əkbər Şahın fars dilində divanları olub. Bu məntəqədə təqribən min il fars dili, şer və ədəbiyyatda hakim dil idi. Qafqaz müsəlmanları arasında bu vəziyyət hətta 20-ci əsrə kimi davam edib. Elmi və dini əsərlərin çoxu isə ərəb dilində yazılırdı.

Abbasqulu Ağa Bakıxanovun (1794-1847) özü Gülüstan-i İrəm kitabında Xaqani-i Şirvanini “Hisan-ül Əcem” adlandırır. Hisan Hz. Peyğəmbər zamanında ən məşhur ərəb şairi olub. Bakıxanovun demək istediyi odur ki, Xaqani iranlılar arasında Hisan səviyyəli şair idi. Son Bakı xanının övladı olan Bakıxanovun özünün 10 kitabı var. Onlardan sadəcə biri türkcə. başqa birisi ərəb, qalan sekkizi isə farscadir. Hətta Gülüstan-i İrəm də fars dilində yazılıb.

Bəs Nizaminin türkcə şeri olmayıb? Xeyr, bildiyimiz qederiyle, Nizaminin türkcə şeri yoxdur. Nizami Gəncəviyə aid olduğu iddia edilən və 20-ci əsrdə Qahirə kitabxanalarından birində tapılan türkcə divanın Nizami Gəncəviyə yox, ondan 200 il sonra Quniyyə (Konya) şəhərində yaşayan osmanlı şairi Nizami Quniyəviyə aid olduğu təqribən dəqiqdir ve bu fərq həm şe’rlerin səbkindən həm də dilindən aydın olur.

O cümlədən orada «Sultan Məhəmmed Xana» bir mədhiyyədə deyilir:

«Rəzmi Bəhram ilə yunan təxtini fəth eyləyib // Qəsri Keyxosroda Dara beygi tutdi Cam-i Cəm«

«Yunan fəthi» aydındır ki, Nizami Gəncəvi zamanında Atabəy Məhəmmed Cahan Pəhləvanla yox, 200 il sonra Nizami Quniyyəvi zamanı Osmanlı Fatih Sultan Məhəmmədlə bağlıdır.

Yəni sadəcə dil meyarıyla baxsaq, Nizami şubhesiz fars dili və ədəbiyyatına aiddir.

İranlı Ya Azərbaycanlı?

Amma bu deməkdir mi ki, Nizami iranlı idi?

O vaxt İran adında bir dövlət yox idi. Azərbaycan adlı bir dövlət ise hələ heç yox idi. Azərbaycan da, Xorasan, Rey, Təbəristan kimi bir vilayətin adıydı ancaq.

Nizaminin yaşadığı dövr Azərbayan Atabəyləri dövrüdür ki, Böyük Səlcuqi (və ya İran Səlcuqilərinin) hakimiyyətinin sonunda Aran, Azərbaycan, Həmədan və hətta Rey ve gah da İsfahan ve Şiraza hökm ediblər. Atabəylər əslinde türk kölələri olublar. Səlcuqi padşahlar onları alıb əmir kimi tərbiyələndirib ordu və dövlət vəzifələrini onlara tapışırıblar. Onlar isə Səlcuqilerin zəvalı zamanı hakimiyyəti de fakto öz əllərine alıblar.

Xususiyle Səlcuqilər hökuməti dağılandan sonra mərkəzi hakimiyyət dağılır və yerlərdə qısa ömurlu hökumətlər yaranır. İran adında rəsmi bir ölkə yoxdu, amma “mədəni fəza” kimi İran düşüncəsi var idi. Bu ideya İran tarixindən, mədəniyyətindən qalmışdı ve ələlxüsus Samanilərdən və Qəznəvilərdən sonra daha da güclənmişdi – necə ki, Nizaminin bu şe’rindən və Xaqaninin Eyvan-e Mədaen-indən də aydın olur:

همه عالم تن است و ایران دل // نیست گوینده زاین قیاس خجل (هفت پیکر، بهرام نامه)

“Bütün aləm bədəndir, İran isə ürək / Bunu deyən belə müqayisədən utanmaz” (Həft Peykər/Bəhram-Namə)

Səlcuqilərin də, Atabəylərin də hökm sürdükləri ərazilər ümumilikdə bugünkü İran coğrafiyasıdır. Ələlxüsus Gəncə, Şirvan, Qarabağ kimi vilayətlər tarixən İran torpaqları olublar ve İslamdan sonra bütün bu ərazilər xəlifəliyə tabe edilsə də, Səfəvilərlə İran dirçəldikdən sonra yeniden İran sərhədlərinə qayıtmış və ancaq 19-cu əsrdə İran-rus müharibələrindən sonra ondan ayrılmışdır.

Habelə, görünür Nizaminin Gəncəde doğulduğı ve orada yaşayıb vəfat etdiyi haqda şübhe yoxdur. Ancaq İqbalname-nin bezi elyazma nüsxelerinden bele çıxır ki, Nizami, öz əslinin Qum şəhərinin Qəhistan kəndindən olduğunu deyir:

گرچه در بحر گنجه گمم // ولی از قهستان شهر قمم

“Hər nə qədər də Gəncə dəryasında itmiş olsam da // Qum şəhərinin Qəhistanındanam”

Ancaq bə’zi alimler deyirler ki. ehtimal bu beyt sonralar İqbalnameye əlavə edilmiş ola bilər. Onların fikrincə, Nizaminin əsli İraq-i Əcəmdəndir (Həmədan, Qəzvin, Rey, İsfahan).

Belə çıxır ki, Nizaminin əsli barədə dəqiq və şübhəsiz məlumat yoxdur.

Amma rahatlıqla demək olar ki, Nizami Gəncədə doğulduğuna və Gəncənin də bugün Azərbaycan Respublikasında olduğuna görə, azərbaycanlı, habelə dil, siyasi tarix və mədənəyyət tarixinə görə, eyni zamanda da iranlı sayıla bilər.

Türk Ya Fars?

Nizaminin bugünkü təbirlə desək etnik tabeiyyətini dəqiq olaraq demək imkansızdır. Ata-babasının da haradan, Gəncənin özündən ya da kənardan gəldiyini qəti demək olmur. Ancaq bəzi təxminlər irəli sürmək olar.

Bir şerindən belə nəticə çıxarılır ki, anası kürd olub:

گر مادر من رئیسه کُرد // مادر صفتانه پیش من مُرد (لیلی و مجنون)

Mənim anam, kürd əşrafındansa // Mənim yanımda ana kimi öldü (Leyli ve Məcnun)

Bu ancaq Nizaminin valideyninin bir tərəfi, yəni anası haqqında bir ehtimaldır.

Bir də o dövrün tarixi əsasında bəzi təxminlər irəli sürülə bilər.

O vaxtlar Arazın şimalı və cənubunda müsəlman xalqın əksəriyyeti hələ tam türkləşməmişdi. Orta Asiyadan köçüb gələn türk-dilli qəbilələrin köç və yerləşməsi prosesi hələ təzə, 200 il idi ki. başlamişdı. Rum məmləkətində, yə’ni Anadoluda da belə idi və oraların, habelə Azərbaycan, Gencə ve Şirvanın yerli xalqının gəlmə qəbilələrlə qaynayıb qarışması ve türkdilliləşməsi 15-ci, 16-cı əsrə kimi davam etməli idi.

Nizaminin fars dilini gözəl bildiyi əsərlərindən aydındır. Türkcə bildiyini sübut edən hər hansı bir dəlil isə yoxdur. İki qrup arasında onun Leyli və Məcnun əsərindəki bir şeri haqqında fikir ayrılığı var:

ترکی صفت وفای ما نیست // ترکانه سخن سزای ما نیست

“Türki bizim vefamıza uyğun bir sifət deyil / Türklər kimi danışmaq bizə yaraşmaz”

Bu şerə əsaslanaraq bir qrub Nizaminin türkce bilmədiyini, hətta bu dili xoşlamadığını deyir. Digər qrup ise, əksine, türkcə bildiyini amma Atabəylərə tabe olan yerli hakimlərin onu fars dilində yazmağa məcbur etdiyini söyləyir. Amma bu iddiaların heç birini sübut edecek dəlil yoxdur.

Bəs Onda?

O vaxtlar şe’r ve ədəbiyyat bir parça torpaq və ya hər hansı bir dil ve qövmə məxsus deyildi. Vətəndaşlıq, pasport, fars-türk davası da yox idi çünki hər kəs özünü birinci olaraq müsəlman kimi tanıyırdı.

Menim şəxsən çıxardığım ümumi nəticə budur ki, Nizami gəncəli, azərbaycanlı və iranlıdır. Onun əsərləri İran-fars ədəbiyyatına aiddir. O dünya ədəbiyyatına və bəşəri mədəniyyətə aiddir və hərkəs, iranlı da, azərbaycanlı da, fars da, türk də, kürd də, erməni də. alman da onu oxuyub faydalansa yaxşı olar. Kim istəsə, Nizami ilə fəxr də edə bilər. Ancaq “Nizami kimindir?” sualından çox, onun əsərlərini oxumaq və yaşadığı dövrü keşf etmək daha maraqlıdır.

———————

Həmin məqalə Azadlıq Radiosunun saytında

Abbas Djavadi: Nizami Üzərində Mülkiyyət Haqqı Davası, farsca

Bu barədə müzakirə

Habelə:

Abbas Djavadi: Nizami Türk İdi? farsca

Mohammad Alı Hosseini: Nizami Gencevinin Türkce Şeri Vardımı? farsca. Nizami Quniyyəvinin əsəri haqqında məlumat bu mənbədən alınıb.… ادامه خواندن

Gülüstan Müahidesi — Keçmiş Artıq Keçmişdir

Abbas Cavadi – 1950, 1960-ci illərdə – biz Təbrizin Məqsudiyyə məhəlləsində yaşadığımız vaxtlar bu məhəllədə bir neçə hörmətli ailə də yaşayırdı ki, familiyaları Gəncəvi, Gəncei və ya Gəncəviyan idi.

Onlardan iki ailə bizim divar-bir qonşmuz idi. Başqa iki ailə, uşaq həkimi (pediatrist) olan Dr. Cəfər Gəncei və dəri həkimi (dermatoloq) Dr. Gəncei və ya Gəncəviyan idi ki, kiçik adını unutmuşam.

Mən uşaq ikən məni Dr. Cəfər Gəncəvinin yanına aparardılar. O vaxtlar eşitmişdim ki, bu ailələr ‹Qafqazda yerləşən Gəncə şəhərindən› gəliblər.

Böyük Gəncei ailəsindən bəziləri sonralar Tehrana köçdülər. Onlardan Riza bəy Gəncei Tehranda ‹Baba Şəməl› adlı satirik jurnalı buraxırdı, Cavad Gəncei isə siyasət işinə girdi. Bunu da bilirəm ki, Gəncəvi, Gəncei və ya Gəncəviyan ailələrindən bəziləri xaricə (ələlxüsus Amerikaya və Britanyaya) köçüblər.

O vaxtlar biz gənclər həm təcrübəsizlikdən, həm də tarixdən bixəbər olduğumuz üçün, Bakı, Gəncə, Naxçıvan və ya Ordubad şəhərlərindən son dərəcə dumanlı təsəvvürlərimiz var idi. Ancaq bunu bilirdik ki, bu şəhərlərin əhli də müsəlman və türkdürlər və o ərazilər də bir vaxtlar İrana daxil olub, ancaq İranın ruslarla müharibədə məğlubiyyətinə görə bu əraziləri Rusiyaya itirmişik.

Mən böyüklərimizdən, həm də qonşu dostlarımdan eşitmişdim ki. bu ailələrin əcdadı İranın məğlubiyyətindən və Gəncədəki son İran hökmrani Cavad Xan Ziyadoğlu Qacar qətl ediləndən sonra İrana gəlib çoxu Təbrizə, bəziləri də Tehrana yerləşiblər.

Sonralar tarixlə maraqlanandan sonra başa düşdüm ki, Cavad Xan elə İran-rus müharibələrinin əvvəllərində, 1804-cü ildə israrlı və qonşuların təbiriylə desək ‹qəhrəmanca› müqavimətdən sonra qətl edilib və beləcə Gəncə şəhər və vilayəti rusların əlinə düşüb. Cavad Xan və onun qüvvələrinin, hətta həyat yoldaşı, oğulları və digər ailə üzvlərinin rəşadət və müqaviməti haqqında çoxlu hekayələr var. Cavad Xanın qanlı məğlubiyyəti və qətlindən sonradır ki, canını qurtara bilən bəzi qohumları İrana gəlirlər, digərləri ısə Qafqaza və ya Rusiyaya qaçırlar.

Ziyadoğlu Tayfası

Cavad Xanın qətli Ziyadoğlu tayfasının Gəncə vilayətində 300 ildən çox sürən hakimiyyətinə son qoydu. Cavad Xanın əcdadından yazılı tarixə daxil edilən birinci şəxs onun böyük cəddi Xizir Bəy Qarımış Qacar idi. Rəvayətə görə, o, təxminən 1495 ilində öz tayfasıyla Şam və ya Rumdan (Anadoludan) İrana gəlib Səfəvi təriqətinin tərəfdarlarına qoşulub, sonra da öz tayfasıyla Şah İsmail Səfəvinin hakimiyyətə gəlməsinə kömək eləyən ellərə qatılıb.

Mohammad Ali Bahmaninin yazdığına görə, ‹Xizir Bəy Qarımışın oğlu Əmət Bəy qəməri təqvimlə təxminən 907-ci ildə (yəni hər halda 1501 və ya 1502 ilində) Şah İsmail tərəfindən qəbul olunub və Şah ona Ziyadoğlu ləqəbini veribdir. Əmət Bəy Şahvərdi Sultan Ziyadoğlu, Cavad Xanın cəddi, Qacar sülaləsinin ulu babası və Ziyadoğlu xanədanının ən məşhur şəxsiyyəti olub› (1).

Şah Təhmasib isə Gəncə və Qarabağ hökumətini (bəylərbəyiliyini) Ziyadoğlu xanədanına verib.

İranın köçəri el və tayfaları 1920-ci illərə kimi dövlət və hökumət işləri üzərində mühüm təsir buraxıblar. Ələlxüsus Səvəfilər və onlardan sonraki hökumətlərin hamısı bir növ ya bir elin, ya da bir neçə elin yaratdiğı ittifaqın nümayəndəsi olub. Eyni zamanda, padşahlar bəzən onların yaşayış məntəqəsini dəyişdirib onları İranın sərhədlərinə göndərərək sərhədləri qorumaq işini onlara tapşırıblar, bunun müqabilində isə yerli hökumət və vergi kimi el və tayfa rəislərinin tələblərini də qəbul etməli olublar. Bu el və tayfalardan xüsusilə Qacar və Afşar elləri Səfəvilər zamanı və onlardan sonra İran sərhədlərini qorumaq baxımından çox mühüm rol oynayıblar.

Digər tərəfdən, aydındır ki, İranın periferiyasında yerləşən ellər və tayfalar öz güclərini qorumaq üçün həm yerli qüvvələr və mərkəzi hökumətlərlə işləyib həm də təhlükə şəraitində və lazım olanda xarici və qonşu dövlətlərə yanaşıblar. Rusiyanın Qafqaza hücumları zamanı erməni və gürcü qüvvələrinin hamısı olmasa da, çoxu İran və Osmanlının qarşısında və Rusiyanın tərəfində mövqe alıblar. Eyni halda çoxu şiə olan müsəlmanlar dini və tarixi müştərəkliklərdən ötrü İranın tərəfini, Osmanlı sərhəddinə yaxın olan sünni müsəlmanlar da çox halda Osmanlının tərəfini tutublar.

Ancaq İranda dövlətin ümumilikdə zəifləməsi, korrupsiya, geri qalmışlıq və eyni zamanda Rusiyanın imperiya kimi güclənməsi nəticəsində Qafqazda yerli xanların bir qismi müharibələrin gedişini və İranın zəfini gördükcə, çarəni Rusiyayla ‹yola getmək› və təslim olmaqda görüblər. Qafqaz və qərbdə İranın ‹sərhəd keşikçiliyi› işini görən el və tayfalar arasında Ziyadoğulları açıq və aşkar olaraq rusların qarşısında ən səbatlı və müqavim qüvvə olub və beləcə tarixdə İran sərhədçiliyinin simvoluna çevriliblər.

Pəhləvi sülaləsinə kimi İranın qəbiləvi el-tayfa sistemində vilayətlərin yerli hakimiyyəti padşahın etimad etdiyi adamlara və ya onun qohumlarına verilirdi. Bu yerli hakimiyyətlər bəzən ailədə qalıb atadan oğula keçirdi və bu qayda ancaq yerli qüvvələr arasında mübarizə, padşahla münasibətlərin pozulması və ya Şahın qərar dəyişdirməsi nəticəsində yerlərdəki başqa sülalələrin və xanların əlinə keçirdi. Bələ bir şəraitdə Ziyadoğulları 300 ildən çox bir müddətdə bir tərəfdən “gəncəliləşdilər”, digər tərəfdən isə İranın sərhəd keşikçiliyini davam etdirib Osmanlı və ya Rusiyadan gələn hücumlara qarşı sərhəddi müdafiə etdilər.

Bu yaxınlığı məzhəb və birgə tarixi təcrübə və yaddaşdan başqa, el-tayfa və ailəvi əlaqələr də möhkəmləndirirdi. Ən açıq nümunə kimi, Gəncəni ruslara qarşı müdafiə edən Cavad Xan Ziyadoğlu Qacar və rus ordusuna qarşı miharibə aparan İran ordusunun baş qumandanı və Qacar Şahının varisi Abbas Mirzə Qacar eyni tayfadandılar.

Gəncənin və İranın Qafqazdaki digər ərazilərinin süqutundan 100 il əvvəl, Səfəvilərin işi qurtarmışdı və paytaxt İsfahan əfqan-paştu Qilzay atlılarının əlinə düşmüşdü. Nəticədə qərbdə və şimalda, yəni Qafqaz, Azərbaycan və Kürdüstanda Osmanlı ordusunun hücumları artmışdı.

Eyni halda bu dövr bir tərəfdən Çar Rusiyasının yeni imperiya kimi yüksəlib Osmanlı ilə rəqabəti, İranın məntəqədə böyük dövlət kimi gücünü itirməsi, həm də Britaniyanın Hindistan və İranda müstəmləkəçi dövlət kimi güc qazanması dövrüdür. Başqa sözlə, həmin mərhələyə kimi İrandan bir ‹imperiya› kimi danışmaq olar, ancaq bu dövrün sonunda İran və Rusiya arasında 19-cu əsrin ilk iki onilliyındə baş verən müharibələrdən sonra İranın işi ‹imperiya› kimi qurtarmış, bu ölkə yüksələn, yəni müstəmləkəçi iki dövlət: Rusiya və Britaniyaya tabe ölkəyə çevrilmişdi.

Buna oxşar bir müqəddərat təqribən 100 il sonra Osmanlı imperiyasının başına da gələcək idi.

İran-Rus Müharibeleri

Rusiyanın hücumu, Gəncənin işğalı və Cavad Xanın qətli demək olar ki, birinci İran-rus müharibəsinin başlanğıcıydı. Bu müharibə doqquz il sonra, 1813-cü ildə, yəni düz 200 il qabaq Gülüstan Müahidəsinin imzalanmasıyla qurtardı. İran Cavad Xan və ya Abbas Mirzə kimi qumandanların rəşadətinə baxmayaraq ağır məğlubiyyətə uğradı. Həmin müahidəyə görə, İran dövləti Gəncə, Bakı, Qarabağ, Şəki, Şirvan, Dərbənd, Quba və Tiflis vilayətlərini Rusiyaya itirdi.

On beş il sonra, ikinci İran-rus müharibəsi nəticəsində Yerevan və Naxçıvan vilayətləri üzərində nəzarət də İranın əlindən çıxaraq Rusiyaya keçdi və beləliklə ikinci bir razılaşma, ‹Türkmənçay Müahidəsi› əsasında bütün Qafqaz Rusiyanın tərkib hissəsi oldu.

Tarixin Tozu

Bütün bunlar tarixdir, birine acı ve digerine şirin gelen hadiseler ve revayetlerdir. Bezileri, ehtimal, şexsi, ailevi ve ya ictimai ve siyasi sebeblere göre tarixin bele axarına bu ve ya diger şekilde baxa bilerler. Amma mence 200 ilden sonra bu hadiselerden bugünün real heyatı üçün siyasi, milli ve ya etnik neticeler çıxarmaq dehşetli bir sehv olardı.

Bezileri tarixden sadece bir sıra ölkeler, milletler ve qövmlere qarşı çıxmağı, itirilen erazileri yeniden ‘fethetmeye’ çağırmağı başa düşürler. Qafqaz, Efqanıstan ve ya Türkmenistanı yeniden almaq kimi gülünç söhbetler heçbir İran hökumetinin resmi siyaseti olmasa da, İranda bezi şexsler ve qruplar arasında revacdadır. Bu hesabla hamı gerek hamıya qarşı seferber olsun, çünki qedim ve güclü keçmişi olan her ölke tarixin belli dövrlerinde indiki erazisinden daha geniş eraziye malik olmuşdur. Roma imperiyası Felestine kimi, Britaniya Hindistana kimi, Osmanlı Serbiya ve Liviyaya kimi erazini tutmuşdu. İranda Dariuş Yunanistana kimi, Nadir Şah Hindistana kimi getmişdi. İndi bunlar yeniden atlara minib o ölkeleri tutmaq isteyirler? Bunlar sadece cahillikden ireli gelen yuxular yox, tehlükeli hezeyanlardır.

Diger, qarşı qrup ise ‘müdafie’ mövqeyinden hereket ederek bütün bu tarixi faktlar ve hadiseleri kökünden danır. Onlar öz iddialarına haq qazandırmaq üçün tarixi yeniden keşf edib deyirler ki, Gülüstan Mü’ahidesine kimi Azerbaycan ‘dörd-beş min illik dövletçiliyi olan müsteqil ölke’ olub, ancaq İran-Rus Müharibeleri neticesinde iki dövlet arasında ‘bölüşdürülüb’. Buna göre de, hemin xeyali tarixçilik Cavad Xan Ziyadoğlu Qacarı ‘Azerbaycanın müsteqilliyi uğrunda’ rus ve İran ‘işğalçılarına’ qarşı üsyan qaldıran ve bu yolda canını qoyan milli qehreman adlandırırlar.

Elbette herkes istenilen adamı istediyi kimi göre biler. Amma meselen İstanbulun 600 il evvele kimi Bizansın paytaxı ve ortodoks yunan kilsesinin merkezi olduğu faktını etiraf elemek Türkiyenin bugün İstanbul üzerinde hakimiyyetine xelel getirecek? Ona göre de indi bu faktı inkar etmek gerekdir?

Siyaset ve tarixi saxtalaşdırmaq başqa şeydir, tarixi reallıq başqa şey. Tarixi oxumaq, yazmaq ve müzakire elemek ne üçün adamların bezilerini mütleq irqçiliye, ifrat milletçiliye, boş ve tehlükeli xeyallara sövq edir?

Britaniyalılar ölkelerinin keçmişde ne qeder güclü, ne qeder geniş olduğunu her kesden yaxşı bilirler. Amma Britaniya özünün bugünkü gücünü ve genişliyini de diger ölkelerden daha yaxşı bilir. Belçikalılar yaxşı bilirler ki, onların dövlet müsteqilliyinin 200 ilden çox ömrü yoxdur. Amma bu onlarda heçbir kompleks yaratmır. Eksine onlar keçmişde tabe olduqları Fransa ve Hollandiya ile çox gözel münasibetler besleyirler.

Gence ve Cavad Xan heqiqetini görmek, Bakı, Qarabağ ve ya Naxcıvanın, Yerevan ve Tiflisin real keçmişini etiraf elemek bugün ne İranın etibarına bir şey elave eleyecek, ne de Azerbaycan, Ermenistan ve Gürcüstan respublikalarının bugünkü etibarından nese azaldacaq.

Keçmiş keçmişde qalıb. O papkaları bağlayıb tarix reflerine qoyublar. Bugün Britaniya ve İrlanda sülh ve emekdaşlıq mühitinde rifah ve tereqqi elemeye çalışırlar. Belçikanın en yaxşı münasibetleri keçmişde tabe olduğu Fransa ve Hollandiyayladır.

Bizde ise bezileri hele de tarixi öyrenmek ve zövq almaq üçün yox, düşmençilik yaymaq için oxumağa çalışırlar.

—————————-

Be’zi menbeler:

Mohammad Ali Bahmani Qacar: Cavad Xan Ziyadoğlu Qacarın Xanedanı, farsca, Tehran 1386 (2007)

Firuz Mansuri: Rusların Hücumu ve Gence Şeherini Alması (pdf), farsca

Firuz Mansuri: Sefevi Dövletinin Zevalı ve Osmanlıların Azerbaycana Hücumu, Müasir İran Tarixinin Araşdırması Merkezi, farsca

Abbaqqulu Ağa Bakıxanov: Gülüstan-ü İrem, Tehran 1383 (2005), farsca

Gülüstan Müahidesi, tam metni ile

Türkmençay Müahidesi, tam metni ile

————————————

Bu meqalenin esli 4 iyul 2013 tarixinde fars dilinde Cheshmandaz.org saytında neşr olunub

Azerbaycan türkcesinde olan bu tercüme azadlıq.org saytında yeniden neşr edilib… ادامه خواندن